BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın seçkidən əvvəl verdiyi vədi yerinə yetirməsini gözləyirik.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, ABŞ regionumuzla bağlı səhv hesablamalar aparır. Bu coğrafiyanın tarixi, dəyərləri və irsini heçə sayan yanaşmaya yol vermək olmaz. Bu bölgədə əzablar yaşanmırmış kimi davranmaq ABŞ-yə fayda verməyəcək. Sionistlərin (İsrail) yalanlarına inanmaq və bu bölgədə durumu dəyişdirmək cəhdləri yaraların qanamasından başqa bir məqsədə xidmət etməyəcək. Bu, yanlış yoldur.

Ölkəsində məhkəməsi hələ də davam edən Netanyahunun dediklərinə inanmaq bölgədə qan tökməkdən başqa bir işə yaramayacaq. Bunu aydın şəkildə görmüşük. Bu, arzulanan sülhü gətirməyəcək, əksinə, münaqişələri dərinləşdirəcək, qan və göz yaşlarını artıracaq. İsrail üçün öz maraqlarından daha vacib heç nə yoxdur. Tarixə baxın, hətta onlar üçün dövlət quran ölkələrlə də ixtilafda olublar. Cənab Trampın seçkidən əvvəl verdiyi vədi yerinə yetirməsini gözləyirik. O, yeni müharibə deyil, sülh qurmaq üçün addımlar atmalıdır. Bu bölgədə “mən etdim, oldu” yanaşmasına yer yoxdur”, - dövlət başçısı bildirib.