BAKI, 11 mart. TELEQRAF

Dəməşq PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə anlaşaraq, önəmli bir maneəni aşdı, ABŞ ordusu Suriyadan çıxacaq.

Teleqraf xəbər verir ki, bunu “World of Türkiye”nin köşə yazarı Celalettin Yavuz qeyd edib.

“Anlaşma pərdə arxasında baş verənləri üzə çıxaracaq. YPG-nin razılaşmanı qəbul etməsi Dəməşqi xeyli rahatlatdı. Suriyada digər qruplarla yanaşı, druzlar da İsrailin dəstəyi ilə muxtariyyət istəyirlər. Bu razılaşma onların da geri çəkilməsinə səbəb olacaq. Druzlarla müqayisədə YPG-nin çox güclü hərbi birliyi var, Amerika uzun müddətdir onları öyrədirdi, ən müasir silah və texnikalarla təchiz edib. YPG-nin razılığa gəlməsi ilə Dəməşq üçün mümkün qarşıdurmalar arxa plana keçdi”, - jurnalist bildirib.

Yavuzun fikrincə, Suriya rəhbərliyi SDQ ilə anlaşaraq, önəmli bir maneəni dəf edib:

“Martın 3-də CENTCOM (ABŞ Mərkəzi Komandanlığı – red.) komandanı Raqqada YPG liderləri ilə görüşmüşdü. Bu, o deməkdir ki, Amerika da öz qoşunlarını çıxaracaq. Ona görə də bu inkişafı ona aid edirəm. Baş verənlərdən bu nəticəyə gəlirik: Amerika hərbçilərini geri çəkəcək”.