BAKI, 12 mart. TELEQRAF

Trampla görüşmək üçün Vaşinqtona uçan amerikalı təyyarənin göyərtəsində asayişi pozduğuna görə həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə martın 5-də Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçan "American Airlines 5574" reysində baş verib. Ronald Reyqan hava limanına enməzdən bir müddət əvvəl Asterius Mutayoba Rulamka adlı sərnişin asayişi pozub və ətrafdakılara qarşı aqressiv davranışlar sərgiləyib.

Həmin şəxs oturacağından ayrılaraq təyyarənin arxasına keçib və orada stüardessanı təhqir etməyə başlayıb. Daha sonra Rulamka hadisəni kameraya çəkən sərnişinə hücum edib və onu bir neçə dəfə vurub. Məlumata görə, o, stüardessanı da vurmağa çalışıb.

Bundan sonra Rulamka təyyarəyə gələn FTB agentləri tərəfindən saxlanılıb.