BAKI, 11 mart. TELEQRAF

Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığında “Təhlükəsizlik Əlaqəsi - 2025” adlı birgə hərbi dəniz təlimləri ABŞ-nin diqqətini çəkib. Təlimlərdə üç dövlətin hərbi gəmiləri iştirak edir. Manevrlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimad və əməkdaşlığın dərinləşdirilməsinə xidmət etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya, Çin və İran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-yə mesaj göndərir:

“Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır. ABŞ İran neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq, yoxlamalar həyata keçirəcək. Bu, İranın neft satışında problemlər yaradacaq. Ağ Evin də məqsədi budur ki, İran böyük həcmdə neft satışı həyata keçirə bilməsin və bu, onun iqtisadiyyatına mənfi təsir etsin.

Vaşinqton bu yolla İranın ABŞ-nin şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Vaşinqtonun tələblərini yerinə yetirməyəcəklər, ali dini lider Əli Xamaneyi Prezident Məsud Pezeşkiana ABŞ ilə danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkarlar İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər. Ancaq bu ittifaq İranın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətində problemlər yaradacaq”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirməklə, bu ölkə üzərindən yükdaşımalarına mane olmağa çalışacaq:

“Digər yandan, Şimal-Cənub dəhlizinin iştirakçılarından biri Hindistandır. Bu ölkə İranın Çabahar limanını icarəyə götürüb. Aydındır ki, Çin Hindistanın iştirakçısı olduğu dəhlizin fəaliyyətində maraqlı deyil.

Həmin xətt Çinin “Bir Kəmər, Bir Yol” dəhlizinə alternativdir. Bu baxımdan, ABŞ-nin Çabahar limanının fəaliyyətini ənəglləməyə çalışması Çinin maraqlarına uyğundur. İran limana yaxın sularda Rusiya və Çinlə birgə hərbi təlimlər keçirməklə, Pekinin işini asanlaşdırır. Halbuki ABŞ və ya İsrail İrana zərbə vurarsa, Rusiya və Çin Tehranın köməyinə gəlməyəcək, ancaq bəyanat verəcəklər. Ona görə Rusiya və Çinlə birgə təlimlərin İrana faydasından çox zərəri var”.