
BAKI, 11 mart. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa Tartus və Latakiya vilayətlərində baş verən son toqquşmaların araşdırılması və faktların tapılması ilə məşğul olan komitənin üzvləri ilə görüşüb.
Teleqraf xəvər verir ki, Şaraa bu cinayətləri törədənləri məsuliyyətə cəlb edəcəyini təsdiqləyib.
“Vətəndaş müharibəsinin başlama ehtimalı böyük idi”, - dövlət başçısı bildirib.
Şaraa hesab edib ki, Suriyada yeni reallıqda uduzmuş bəzi partiyalar ölkədə məzhəblərarası qarşıdurmanı qızışdırmaqla yenidən siyasi səhnəyə qayıtmağa çalışırlar.
Prezident Suriyanın kənardan sifariş almayan suveren dövlət olduğunu vurğulayaraq, ona qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasının vacibliyini qeyd edib.
“Suriya öz daxili siyasətini özü seçir və xaricdən sifariş almır və Əsəd rejimi dövründə tətbiq edilən sanksiyaları aradan qaldırmaq lazımdır”, - Şaraa əlavə edib.
Xatırladaq ki, Suriya Müdafiə Nazirliyi dünən Tartus və Latakiyada keçmiş rejimə bağlı qruplaşmalara qarşı irimiqyaslı hərbi əməliyyatların uğurla başa çatdığını açıqlayıb.