BAKI, 10 mart. TELEQRAF

Rusiya İranın nüvə probleminin həlli prosesini dinc məcraya yönəltmək üçün əlindən gələni edəcək.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İran qarşılıqlı hörmətə, konstruktiv danışıqlara əsaslanan danışıqlara can atır. Əlbəttə, biz öz tərəfimizdən bu prosesi - İranın nüvə probleminin həllini dinc istiqamətə gətirmək üçün bizdən asılı olan və mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, qarşıda çox gərgin təmaslar var.

İranın ali rəhbəri Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın ona nüvə məsələsinin həlli ilə bağlı danışıqlar təklif edən məktubunu şərh edərkən söyləmişdi ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün Tehran danışıqlara getməyəcək.

ABŞ prezidenti martın 7-də İran liderinə məktub göndərib.

Tramp Tehranın nüvə silahı proqramına dair müqaviləni müzakirə etmək istədiyini, bu mövzuda danışıqlar aparacaqlarına ümid etdiyini bildirib:

“Mən sövdələşməyə üstünlük verərdim. İran danışıqlara getməsə, bu, onun üçün yaxşı olmayacaq. İranın nüvə silahı ola bilməz. Digər variantlar mövcuddur”.