
BAKI, 11 mart. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa ilə PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) Fərhad Abdi Şahin arasında dünən axşam saatlarında imzalanan razılaşmadan sonra insanlar paytaxt Dəməşq və sərhədyanı Qamışlı rayonunda küçələrə çıxaraq atəşfəşanlıq ediblər.
Teleqraf xəbər verir ki, razılaşmadan sonra Abdi sosial media hesabında açıqlama verib.
SDQ lideri müqaviləni “yeni Suriya qurmaq üçün real fürsət” kimi qiymətləndirib:
“Bütün suriyalıların hüquqlarını təmin edən və onların sülh istəklərini yerinə yetirən daha yaxşı bir gələcək qurmağa sadiqik”.
Şahinin Dəməşqə səfəri ilə bağlı maraqlı bir məqam da üzə çıxıb. SDQ liderinin Dəməşqdəki Zimer hərbi bazasına ABŞ-nin “Apaçi” helikopteri ilə eniş etdiyi məlum olub. Fərhad Abdi Şahinin başçılıq etdiyi nümayəndə heyəti burada Suriya hökumətinin rəsmiləri qarşılayıblar.
Məsələni “Reuters” üçün şərh edən amerikalı analitik Aron Lund hesab edir ki, anlaşma ABŞ qüvvələrinin Suriyadan geri çəkilməsi kontekstində əldə olunub.
“Razılaşma ABŞ Prezidenti Donald Trampın Suriyada İŞİD-ə qarşı mübarizədə illərdir SDQ-yə dəstək verən Amerika qüvvələrini birdən-birə geri çəkməsindan sonra təşkilat üçün yarana biləcək risklərdən qorumaq məqsədi daşıyır”, - ekspert deyib.
Xatırladaq ki, Dəməşqlə əldə edilmiş razılaşma SDQ/YPG-nin Suriya ordusuna inteqrasiyasını nəzərdə tutur.