BAKI, 10 mart. TELEQRAF

Suriyanın Latakiya və Tartus vilayətlərində təxribat törədən güclərin əsas hədəfi Türkiyədir.

Teleqraf xəbər verir ki, bunu analitik Mazhar Bağlı “Türkiyə” qəzetinə deyib.

“Suriyada yeni idarəetmə və sabitliyə imkan vermək istəməyən lobbilər var gücləri ilə çalışırlar. Amma oradakı nüseyri quldur dəstələrinin üsyanı Suriyadaxili yox, xarici amilləri aktivləşdirmək məqsədilə təşkil edilib. Əsas məqsədi orada yaratdıqları xaosu Türkiyəyə gətirməkdir.

Hatayda özünü “nüseyri şeyxi” elan edən şəxsin və onun kimi bəzi dərnəklərin açıqlamaları çox açıqdır. Kin və intiqam üçün hərəkət etdikləri açıq görünür. Suriyada xaos yaratmaqla yanaşı, Türkiyəni də livanlaşdırmaq, hökumətin ortağı olmaq istəyirlər. Əlbəttə, bu yolla cəmiyyətin böyük təbəqələrindən qisas almaq məqsədləri də var. Suriyada ələvi məsələsini qızışdıraraq, qarşıdurmaya, döyüşə zəmin yaratmağa çalışırlar”, - ekspert bildirib.

Bağlı vurğulayıb ki, Suriyanın sahilyanı vilayətlərində baş verənləri PKK terror təşkilatından ayrı qiymətləndirmək olmaz:

“PKK əvvəlki həll prosesini Suriyaya görə sabotaj etmişdi. Layihəyə rəhbərlik edən və təşkilata himayədarlığı öz üzərilərinə götürən güclər onlara Suriyada “dövlət” vəd etdikləri üçün masanı alt-üst etdilər. İndi yeni proses gedir və yenidən masanın dağılmasını istəyənlər müxtəlif üsullarla hər şeyi alt-üst etməyə çalışırlar. Amma bu dəfə alınmayacaq”.

Xatırladaq ki, ötən həftə Latakiyada hökumət qüvvələri ilə keçmiş rejimə bağlı nüseyri qrupları arasında qarşıdurmanın başlamasından sonra Türkiyənin Hatay vilayətinin Samandağı rayonunda nüseyri üsyanına dəstək aksiyası keçirilib. Səlim Narlı adlı şəxs aksiyada “nüseyri şeyxi” olduğunu iddia edərək Türkiyəni təhdid edib və xarici ölkələrdən bu ölkəyə qarşı kömək istəyib.