BAKI, 11 mart. TELEQRAF

Amerikalı iş adamı İlon Maskın sahibi olduğu "X" sosial media platformasının (keçmiş Tvitter) dünən bir neçə dəfə çökməsinin arxasında irimiqyaslı kiberhücumun olduğu bildirilir.

Teleqraf xəbər verir ki, Mask baş verənlərdən sonra diqqətçəkən açıqlama verib.

“X"ə qarşı böyük bir kiberhücum oldu, hələ də davam edir. Bizə hər gün hücum edilir, amma bu dəfə çoxsaylı resurslarla oldu. Ya böyük və koordinasiyalı bir qrup və ya ölkə cəlb edilib”, - iş adamı deyib.

Həmçinin Mask kiberhücumlara görə Ukraynanı ittiham edib.

“Dark Storm Team” adlı haker qrupu isə bundan dərhal sonra baş verənlərə görə məsuliyyəti öz üzərinə götürərək, "X"ə DDoS hücumu həyata keçirdiklərini, bu səbəbdən platformaya girişin kəsildiyini açıqlayıb. Qrup həmçinin teleqram kanalında dünyanın müxtəlif yerlərindən uğursuz giriş cəhdlərini göstərən real vaxt səhifələrinin skrinşotlarını paylaşıb.

Xatırladaq ki, “Black Storm Team” 2023-cü ildə yaradılıb, qabaqcıl kibermüharibə strategiyaları və yüksək təhlükəsiz sistemlərə uğurlu müdaxilələri ilə tanınır. “Orange Cyberdefense” kibertəhlükəsizlik qrupu haker qrupunun Fələstin tərəfdarı olduğunu açıqlayıb.