.jpg)
BAKI, 11 mart. TELEQRAF
PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə Suriyanın yeni hökuməti arasında bir müddətdir aparılan danışıqlar razılaşma ilə bitib. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə SDQ lideri Mazlum Kobani (Fərhad Abdi Şahin) arasında Dəməşqdə baş tutan görüşdə imzalanan müqavilə ilə təşkilatın Suriya ordusuna inteqrasiyası razılaşdırılıb.
SDQ-nin ləğvi məsələsi uzun müddətdir gündəmdədir, bu, həm də Türkiyənin Suriyanın yeni rəhbərliyinə əsas tələblərindən biri idi. Şaraanın fevralda Ankaraya baş tutan səfərində məsələ ilə bağlı razılaşma əldə edilmişdi. Türkiyə daxilində PKK terrorunu bitirən Ankara prosesin İraq və Suriyanın Türkiyə ilə sərhəd bölgələrini də əhatə etməsini istəyir. Artıq PKK lideri Abdullah Öcalanın çağırışı ilə təşkilatın İraqdakı (Qəndil) qrupları qurultay keçirərək, özlərini buraxacaqlarını açıqlayıblar. Prosesin apreldə olacağı gözlənilir.
Qəndildən sonra diqqət Suriyaya yönələrkən, SDQ başçısı Öcalanın çağırışının onlara aid olmadığını iddia etmiş, Ankara isə dinc həll yolu olmayacağı halda, məsələnin hərbi variantla çözüləcəyi barədə ultimatum vermişdi. SDQ-nin Dəməşqlə son anlaşması artıq terror düşərgəsinin bu riskə getmək istəmədiyini göstərir. Yerdəki geosiyasi şərtlər də SDQ-nin lehinə deyil. ABŞ-nin yeni Prezidenti Donald Tramp artıq onlara sərmayə qoymaqda maraqlı olmadığını, əksinə, Suriyadakı Amerika qüvvələrinin çıxarılacağını dolayısı ilə bəyan edib. Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriyada ciddi təsir itkisinə məruz qalan İran, Rusiya və digər dövlətlər də SDQ-yə himayədar olacaq gücdə deyillər. Xüsusən də bu məsələdə maraqlı olan və Suriyada yenidən hakimiyyət dəyişikliyinə can atan İranın Latakiya və Tartusdakı son uğursuz cəhdləri bunu təsdiqlədi. Başı Ukraynada qarışmış Rusiya isə Dəməşqlə anlaşmaq niyyətindədir, danışıqlar gedir. Moskvanın hədəfi Suriyadakı hərbi bazalarını saxlamaqdır, Dəməşq bunun şərtlərə bağlı olduğunu bildirib.
Başqa sözlə, PKK-nın əsas gücü – SDQ də sıradan çıxarılır. Dəstəksiz qalan terror düşərgəsi sonda təslim olmağı seçdi. Bu, həm də bu terror təşkilatının Şimali Suriyada qurduğu və məqsədi “müstəqil dövlət” qurmaq olan “muxtar qurum”un da sonu deməkdir.
Bəs SDQ kimdir?
“Suriya Demokratik Qüvvələri” özünü Suriyanın şimal və şərqində birtərəfli qaydada muxtariyyətini elan etmiş “muxtar qurum”un silahlı gücü hesab edir. SDQ əsasən kürdlər, ərəblər, assurlar, ermənilər və digər azsaylı etniklərdən ibarətdir. Vaxtilə bəzi Qərb dövlətlərinin, xüsusən də ABŞ-nin fəal səyləri ilə “İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq üçün birgə əməliyyat qüvvəsi” kimi yaradılıb. “Xalq Müdafiə Bölmələri” (YPG) SDQ-nin əsas hissəsini təşkil edir. Təşkilat ABŞ tərəfindən maliyyələşdirilir və silahlandırılır.
Təşkilatın bioqrafiyasına görə, 2015-ci ilin oktyabrında İŞİD-i Raqqa və ətrafından çıxarmaq məqsədilə, “Burxan əl-Fərat” qruplaşmasından ilham alınaraq yaradılıb. SDQ-nin 2015-ci il dekabrın 27-də Fəratın qərb sahilinə keçməsi və Tişrin bəndini İŞİD-dən alması müzakirə mövzusu olmuşdu. Bu, o zaman bölgədə hərbi qüvvələri olan Türkiyəyə qarşı addım kimi qiymətləndirilmişdi. Təsadüfi deyil ki, SDQ Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Sülh Çeşməsi” əməliyyatları zamanı dəfələrlə türk hərbçilər və müxalif Azad Suriya Ordusu ilə toqquşmuşdu.
Türklər və müxaliflərlə qarşıdurmalardan sonra 2019-cu ildə Suriya Müdafiə Nazirliyi Mazlum Kobaninin komandanlığı altında olan SDQ-dən onlara qoşulmaq istəyənləri qəbul edəcəyini açıqlamışdı. Kobani bundan imtina etmişdi.
Suriya Xarici İşlər Nazirliyi 2019-cu ilin sentyabrında BMT baş katibi və bu qurumun Təhlükəsizlik Şurasına göndərdiyi məktublarda SDQ-ni terror təşkilatı adlandırmış və ölkə ərazilərini işğal etməkdə ittiham etmişdi. Bu, Suriya hökumətinin ilk dəfə açıq və rəsmi şəkildə SDQ-ni terrorçu kimi tanıması demək idi. Bundan əlavə, SDQ Dəməşq tərəfindən cinayətkar və repressiv addımlarda ittiham olunub. Məktubda ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın, eləcə də SDQ-nin Hasəkə, Raqqa, Deyr əz-Zor və Hələb sakinlərinə qarşı vəhşiliklər törətdiyinə dair bəyanatlar yer alıb.
PKK ilə əlaqələr
Türkiyə SDQ/YPG-ni PKK terror təşkilatının Suriya qanadı kimi qəbul edir.
Türkiyənin bu mövqeyini İŞİD-ə qarşı koalisiyanın o zamankı sözçüsü Con Dorrian 2017-ci ilin mayında keçirdiyi mətbuat konfransında belə təsdiqləmişdi: “PKK SDQ-nin bir hissəsidir”.
2017-ci ildə ABŞ-nin o zamankı Xüsusi Əməliyyatlar Komandanı Raymond Tomas Türkiyənin 2015-ci ildən bəri YPG-nin PKK ilə əlaqəsi ilə bağlı narahatlığını bildikləri üçün təşkilatın adının dəyişdirməli və “demokratiya” adından istifadə etməli olduqlarını söyləmişdi. Tomas təşkilata “Suriya Demokratik Qüvvələri” adının belə verildiyini bildirmişdi.
2019-cu il mayın 22-də ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də Konqresdəki çıxışında SDQ-nin PKK-ya bağlılığını etiraf edib: “Prezident Donald Tramp SDQ ilə PKK arasında siyasi əlaqələrdən xəbərdardır”.
“Xalq Müdafiə Bölmələri”
YPG “Suriya Demokratik Qüvvələri”nin əsas hərbi gücüdür. 2011-ci ildə qurulan təşkilatın “Qadın Müdafiə Birlikləri” (YPJ) kimi qolu da var. YPG isə “əcnəbi könüllüləri” də əhatə edən bir təşkilatdır. Bir çox rəsmi və qeyri-rəsmi beynəlxalq mərkəzlər və kəşfiyyat qurumlarının hesabatlarında YPG-nin PKK ilə təşkilati və ideoloji əlaqələrinin olduğu barədə məlumatlar var. Yəni PKK-nın Suriya uzantısı hesab olunur. Təşkilat Türkiyə tərəfindən “Demokratik Birlik Partiyası (PYD) ilə birlikdə terror təşkilatı sayılır. PYD təşkilatın siyasi qanadıdır.
YPG insan haqları təşkilatları tərəfindən hərbi cinayətlər törətməkdə və beynəlxalq və insan hüquqlarını pozmaqda, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlardan əsgər kimi istifadə etməkdə, etnik təmizləmədə və yerli xalqların deportasiyasında ittiham olunur.
Mazlum Kobani, yoxsa Fərhad Abdi Şahin?
Mazlum Kobani 1967-ci il təvəllüdlü suriyalı kürddür. Əsl adı ilə bağlı müxtəlif iddialar var. Türkiyənin bəzi mənbələrində adının Mustafa Abdi bin Xəlil olduğu bildirilir. Özünün istifadə etdiyi adlar arasında Fərhad Abdi Şahin, Şahin Cilo və Mazlum Abdi də var.
PKK terror təşkilatının lideri Abdullah Öcalanla hələ uşaq ikən tanış olduğu deyilir. Bir fotoşəkildə Öcalanla dənizdə çimərkən görünür.
Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında Şahinin PKK-ya 1990-cı ildə, 23 yaşında qatıldığı bildirilir. Öcalanın Suriyada 20 ilə yaxın qaldığı müddətdə onunla yaxın əlaqədə olduğu söylənilir.
Öcalan 1999-cu ildə məhkəməyə verdiyi ifadəsində ondan bəhs edib.
1998-ci ildə elan edilən atəşkəslə bağlı məhkəmənin sualına cavabında Öcalan Türkiyə dövlətinin onlara o zaman müxtəlif kanallarla atəşkəs təklif etdiyini demişdi: “Atəşkəs təklifini bizə Avropa təmsilçimiz Kani Yılmaz və Fərhad Abdi Şahin gətirdi”.
Kobani uzun müddət Avropada yaşayıb, ora siyasi fəaliyyətlər üçün getdiyini iddia edir. Avropadan birbaşa Şimali İraqa gələn Kobani burada PKK-nın fəaliyyətində aktiv iştirak edib. Özü də bunu gizlətməyib.
Məsələn, 2019-cu ilin aprel ayında “New Yorker”ə müsahibəsində belə demişdi: “Bir müddət PKK-da xidmət etmişəm”.
Mazlum Kobani bir müddət PKK-nın da daxil olduğu çətir təşkilat olan “Kürdüstan İcmaları Birliyi”nə (KCK) rəhbərlik edib.
Türkiyənin rəsmi açıqlamalarına görə, Kobani PKK dövründə Türkiyədə çoxlu terror aktlarının sifarişçisi olub. Kobaninin özü isə PKK dövrü ilə bağlı ətraflı danışmamağa üstünlük verir. Bunun keçmişdə qaldığını, PKK ilə YPG-nin ayrı-ayrı təşkilatlar olduğunu iddia edir. Amma 2013-cü ildə Şahin Cilo adı ilə İraqın şimalında müsahibə vermişdi. Bu da bu müddət ərzində Kobaninin hələ də PKK düşərgələrində olduğunu göstərirdi. Həmçinin ötən il onu daşıyan helikopter yenə İraqın şimalında hədəfə alınsa da, salamat qala bilmişdi.
2014-cü il həm YPG, həm də Kobani üçün dönüş ili oldu. YPG yaraqlılarının İŞİD-ə qarşı göstərdiyi “yüksək performans” ABŞ ilə bu terror təşkilatı və Kobani arasında hərbi əməkdaşlığı təmin elədi.
Mazlum Kobani 2015-ci ildə YPG-nin əsas orqanı olan SDQ-nin yaradılması ilə beynəlxalq şöhrət qazandı. Bir tərəfdən İŞİD-ə qarşı əməliyyatları idarə edən, digər tərəfdən ABŞ başda olmaqla beynəlxalq güclərlə danışıqlar aparan, digər tərəfdən də beynəlxalq mətbuata müsahibələr verən bir fiqur oldu.
Mazlum Kobani adını ən çox gündəmə gətirən şübhəsiz ki, ABŞ Prezidenti Donald Trampın birinci prezidentliyi dövründə onun haqqında davamlı olaraq danışması idi.
2019-cu ilin oktyabrında “Sülh Çeşməsi” əməliyyatının başlamasından sonra Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı və mətbuata sızan məktubda aşağıdakı ifadələr yer almışdı:
“Mən sizin bəzi problemlərinizi həll etmək üçün çox çalışmışam. Dünyanı ruhdan salmayın. Çox şey əldə edə bilərsiniz. General Mazlum sizinlə danışıqlar aparmaq istəyir və əvvəllər etmədikləri bəzi güzəştlərə getmək niyyətində olduqlarını deyir. Sizə güvənərək, (Kobanidən) indicə aldığım məktubu da bura əlavə edirəm”.
Oktyabrın 16-da mətbuata sızan məktuba Türkiyə rəsmilərinin reaksiyası belə olmuşdu: “Zibil qutusuna atdıq”.