BAKI, 11 mart. TELEQRAF

İran bildirib ki, nüvə proqramı ilə bağlı hərbi narahatlıqların aradan qaldırılması şərti ilə ABŞ ilə danışıqlara açıqdır. Bəyanat ölkənin ali rəhbəri Əli Xameneyinin ABŞ Prezidenti Donald Trampın danışıqlar təklifini rədd etməsindən sonra verilib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazır.

“Əgər danışıqların məqsədi İranın nüvə proqramının hər hansı potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, bu cür müzakirələr nəzərdən keçirilə bilər”, - İranın BMT-dəki missiyasından bildirilib.

Amerikalı ekspertlərin fikrincə, İran uranı nüvə silahı əldə edə biləcək qədər zənginləşdirmək mərhələsindədir. Tehran isə nüvə proqramının “dinc məqsədlər” daşıdığını iddia edir.

Öz növbəsində İranın BMT-dəki missiyası qeyd edib ki, əgər ABŞ-nin məqsədi “dinc nüvə proqramı”nı ləğv etməkdirsə, danışıqlar heç vaxt baş tutmayacaq.

“Ziddiyyətli bəyanatlar Trampın ilk prezidentlik dönəmində sələfi Barak Obamanın imzaladığı nüvə sazişindən geri çəkilməsindən sonra danışıqların bərpa edilib-edilməməsi ilə bağlı fikir ayrılığını əks etdirə bilər”, - NYT vurğulayıb.