
BAKI, 11 mart. TELEQRAF
Bəşər Əsəd rejiminə bağlı qrupların Suriyanın Tartus və Latakiya vilayətlərindəki hücumları dünən tam dayandırılıb. Türkiyənin “Yeni Şafak” qəzeti keçmiş rejimin qalıqlarının martın 6-da başlatdığı hücumların pərdə arxası məqamları ilə bağlı yeni məlumatlar əldə edib.
Teleqraf həmin nəşrə istinadla xəbər verir ki, sözügedən qruplar üç ay bu hücuma hazırlıq görüblər.
“İki ay əvvəl PKK/YPG terror təşkilatının nəzarətində olan bölgədə druzlar və Bəşər Əsəd tərəfdarlarının da olduğu qruplar toplantı keçirərək, Suriyanın bölünməsi ilə bağlı müqavilə imzalayıblar.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, rejim devrilməmişdən əvvəl Suriyanın sahilyanı əraziləri faktiki olaraq sursat anbarına çevrilib. Devrilmiş rejimin ünsürləri üç ay ərzində qurduqları gizli əməliyyat qərargahlarında yeni rəhbərliyi devirməyi planlaşdırıblar”, - məlumatda deyilir.
Təhlükəsizlik mənbələri “Yeni Şafak”a Əsəd rejiminin qalıqlarının həyata keçirdiyi hücumların iki ay əvvəl PKK/YPG, İran və digər qüvvələr arasında əldə edilmiş gizli razılaşmanın nəticəsi olduğunu deyiblər. Qeyd edilir ki, razılaşmanın məqsədi azlıqlardan istifadə edərək ölkəni parçalamaq və nəzarəti İran və digər qüvvələrə vermək olub.
“Müqavilə druzların Süveydadan Dəməşqə doğru hücumunu dəstəkləmək və paytaxtı ələ keçirmək məqsədi daşıyıb. Plana görə, devrilmiş rejimin qalıqları Latakiya və Tartus sahillərini tutmalı idi. Plan üzrə Suriyanın tam bölünməsi üçün ayrıca dövlət qurmaq üçün druz və nüseyrilərə zəmanət verilibmiş. Həmçinin Quneytradan Fərata qədər uzanan bir dəhlizin yaradılması da hədəflənmişdi”, - nəşr qeyd edir.
Xatırladaq ki, dünən axşam Suriya Prezidenti Əməd Şaraa ilə PKK-ya bağlı “Suriya Demokratik Qüvvələri”nin lideri Fərhad Abdi Şahin arasında yeni razılaşma imzalanıb. Razılaşma SDQ/YPG-nin Suriya ordusuna inteqrasiyasını nəzərdə tutur. Bununla Suriyanın yeni rəhbərliyi İsraillə mübahisə yaşanılan bəzi sərhəd əraziləri istisna olmaqla, ölkə üzərində tam nəzarəti bərpa edir.