BAKI, 10 mart. TELEQRAF

Türkiyədən sonra İraq və Suriyada da terrora son qoyulmalıdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Mahir Ünal deyib.

PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışını şərh edən partiya rəsmisi bildirib:

“Suriyada terrora icazə verməyəcəyik. Silahı yerə qoyma çağırışı bütün tərəfləri əhatə edir. Bu, terror və silahların artıq həll yolu olmadığına dair bütün tərəflərə açıq mesaj və silahı yerə qoymaq çağırışıdır. Türkiyə PKK-nın qurultay keçirərək bu qərarı verməsini gözləyir. Mesaj və Türkiyənin mövqeyi son dərəcə aydındır”.

Bölgənin sabitliyə hər zamankından daha yaxın olduğunu söyləyən Mahir Ünal həll yolunun bundan əvvəl sabotaj edildiyini də xatırladıb.

“Terrorla mübarizə hər zaman hökumətin əsas məqsədlərindən biri olub. Daxildə terrora son qoyduq. “Terrorsuz Türkiyə” məqsədimiz problemi kökündən həll etmir, “Terrorsuz Suriya” və “Terrorsuz İraq” da demək lazımdır”.

AKP rəsmisi İraq və Suriyadakı vətəndaş qarşıdurmalarının terror və zorakılığa yol açdığını vurğulayıb.

Ünal həmçinin Türkiyənin Suriyada, xüsusilə Latakiya bölgəsində baş verən son hadisələri yaxından izlədiyini qeyd edib.

Partiya rəsmisi qlobal qüvvələrin Suriyada sabitlik istəmədiyini söyləyib:

“Biz Suriyanın suriyalıların olduğunu deyirik. Suriya baxımından ərazi və dövlət bütövlüyünü müdafiə edən bir mövqedəyik. Suriya ilə bağlı qərarları suriyalılar verməlidir.

Latakiya bölgəsində Əsəd rejiminin qalıqları cəbhə quraraq üsyana başladıqlarını bildiriblər. Bu vəziyyətə qarşı legitim hökumət hərəkətə keçib. Əgər insan hüquqlarının pozulması və ya mülki şəxslərə qarşı müdaxilə varsa, bu yolverilməzdir”.

Mahir Ünal Türkiyəyə qarşı təxribat cəhdlərinin də olduğunu sözlərinə əlavə edib.