BAKI, 10 mart. TELEQRAF

Türkiyə ötən həftə Tartus və Latakiyada başlayan şiddətli qarşıdurmaların Suriyada yeni xaosa çevrilməsinin qarşısını almaq üçün təcili hərəkətə keçməlidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin keçmiş mədəniyyət naziri və millət vəkili İstemihan Talay deyib.

Siyasətçi 300 mindən çox türkmənin yaşadığı bölgənin təhlükəsizliyinin Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Qlobal güclər Suriyaya yenidən hücum etmək üçün fürsət gözləyirlər. Türkiyə xüsusilə Latakiya türkmənləri ilə bağlı təcili tədbirlər planı hazırlamalı və Suriya hökuməti ilə İsrail, Rusiya və ya başqa bir hərbi gücə müdaxilə etmədən bölgəyə girmək üçün razılığa gəlməlidir. Belə bir durumda Türkiyənin PKK varlığına son qoymaq, Latakiyada daimi təhlükəsizliyi təmin etmək və İsrailin müdaxiləsinə qarşı Suriya dövlətinin yanında olmaq öhdəliyi var. Əks halda Suriyada yaşayan 4 milyon türkmən soydaşımızın həm terror təhlükəsi, həm də təhlükəsizliyi ciddi şəkildə təhlükə altına düşəcək.

Əhməd Şaraa hökumətinə verdiyimiz siyasi dəstək gizli-açıq rəsmi razılaşmalarla təcili olaraq hərbi müstəviyə keçməlidir. Suriyanın hava məkanına mütləq nəzarət etməli, Latakiya və Tartus limanlarında hərbi mövcudluğa malik olmalıyıq”.

Talay hesab edir ki, qlobal güclərin Suriyada PKK və druzlar vasitəsilə müdaxilə fürsəti gözlədiyi bir durumda Türkiyə hərbi müstəvidə də Dəməşqin yanında olduğumuzu göstərməlidir:

“Yeni xaos və “oldu-bitdi”yə yol verə bilmərik. Türkmənlərin təhlükəsizliyi ilə yanaşı, Aralıq dənizinin bizə qarşı düşmən dənizinə çevrilməsi tarixi fəlakət olardı. Tarixi günlərdən keçirik və ayıq-sayıq olmalıyıq”.