
BAKI, 10 mart. TELEQRAF
Suriyanın Tartus və Latakiya vilayətlərində keçmiş rejimə bağlı qruplarla hökumət qüvvələri arasında baş verən qarşıdurmadan sonra birincilərə qarşı təqiblər gücləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, Suriya təhlükəsizlik qüvvələri rejimin qalıqlarını sözügedən bölgələrin mərkəzlərindən uzaqlaşdırmağa və əsas yollara nəzarəti tam bərpa etməyə nail olub.
“Latakiya və Tartus vilayətlərində təhlükəsizlik təmin edilib”, - açıqlamada vurğulanır.
Suriya Müdafiə Nazirliyi həmçinin rejimin qalıqlarına qarşı mübarizəni başa çatdırmaq və gələcək təhlükələrə son qoymaq üçün yeni planlar hazırladığını qeyd edib.
Suriya Prezidenti Əhməd Şaraa bundan əvvəl sələfi Bəşər Əsədə bağlı qrupları təqib edəcəyinə söz verib. Şaraa onların dərhal təslim olmaqdan başqa seçimlərinin olmadığını vurğulayaraq, Suriyanın yenidən vətəndaş müharibəsinə sürüklənməyəcəyini bildirib.