BAKI, 6 iyul. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatının Nyuport-Biç şəhərində Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlər zamanı 400-dən çox şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları son 36 saat ərzində müxtəlif qayda pozuntularına görə yüzlərlə nəfəri nəzarətə götürüb. Yerli hakimiyyət bayram tədbirləri ərəfəsində qanun pozuntularına qarşı "sıfır tolerantlıq" siyasətinin tətbiq olunacağını açıqlamışdı.

Nəşrin yazdığına görə, iyulun 4-ü axşam saatlarında bayram tədbirləri bəzi ərazilərdə iğtişaşlarla müşayiət olunub. Küçə davaları, oğurluq halları, yol nişanlarının zədələnməsi və qanunsuz fişəng atılması qeydə alınıb.

Qəzetin məlumatına əsasən, saxlanılanların əksəriyyəti gənclərdir. Onların bir çoxunun şəhərin yerli sakinləri olmadığı bildirilir. Saxlanılanların əhəmiyyətli hissəsi qanunsuz fişənglərin buraxılması ilə bağlı məlumatların daxil olduğu çimərlik ərazisində tutulub.