BAKI, 28 avqust. TELEQRAF
ABŞ Venesueladan mineral xammalın tədarükü ilə bağlı əməliyyatlara icazə verən baş lisenziyanın qüvvədə olma müddətini uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı sənəddə bildirilib.
Sənədə əsasən, ABŞ şirkətlərinə Venesuela mənşəli mineral xammalın, o cümlədən qızılın ixracı, satışı, tədarükü, saxlanması, alınması, çatdırılması və daşınması ilə bağlı əməliyyatlara icazə verilir.
Lisenziya Venesuela hakimiyyəti, “Minerven” şirkəti və onun törəmə strukturları ilə əlaqəli müvafiq əməliyyatları da əhatə edir.
Bildirilib ki, bütün bu əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun həyata keçirilməli, onlarla bağlı mübahisələr isə ABŞ-də həll olunmalıdır. Sanksiya tətbiq edilən şəxslər üçün nəzərdə tutulan ödənişlərin xüsusi hesaba köçürülməsi tələb olunur.
ABŞ Maliyyə Nazirliyi Venesuela mineral xammalının satışı və təkrar satışı ilə məşğul olan şəxslərdən Vaşinqton administrasiyasına mütəmadi hesabat təqdim etməyi də tələb edir.
Digər lisenziya isə ABŞ şirkətlərinə faydalı qazıntıların hasilatı ilə bağlı avadanlıq və texnologiyaları Venesuelaya tədarük etməyə imkan verir.
Lisenziyalar Rusiya, Çin, İran, Şimali Koreya və Kubadakı hüquqi və fiziki şəxslərlə əməliyyatlara şamil edilmir.