BAKI, 27 avqust. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Moskvaya elan olunmamış səfəri zamanı Rusiya rəsmilərindən NATO üzvləri, xüsusilə Estoniya, Latviya və Litva ilə gərginliyin artırılmasından çəkinməyi, həmçinin İrana hərbi-iqtisadi dəstəyi azaltmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla yazıb.
Retkliff avqustun 25-də qısa müddətə Moskvaya səfər edib. Məlumatlı mənbə bildirib ki, onun görüşlərinin əsas mövzusu Rusiyaya Baltikyanı ölkələrə qarşı istənilən gərginlik yaradan addım barədə xəbərdarlıq etmək olub.
Bu, Donald Trampın prezidentliyi dövründə MKİ direktorunun Moskvaya məlum olan ilk səfəri olub.
Səfər Rusiya və Ukraynanın dron və raket hücumlarını intensivləşdirdiyi, Moskvanın isə son həftələrdə Kiyevi dəstəkləyən NATO üzvlərini təhdid etdiyi vaxtda baş tutub.
Retkliff həmçinin Rusiya rəsmilərindən İrana silah və müdafiə texnologiyalarının göndərilməsini dayandırmağı tələb edib.
Səfər barədə məlumatlı Böyük Britaniya rəsmisi deyib ki, Con Retkliff Rusiyaya ABŞ sanksiyalarının təsiri ilə üzləşəcəyi təqdirdə çox sərt reaksiya verməməyi də tövsiyə edib.