BAKI, 28 avqust. TELEQRAF
Lənkəranda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata əsasən, hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin gücündən “Hyundai” yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 2005-ci il təvəllüdlü, Şağlaküçə kənd sakini Fikrət Mərdan oğlu Nurullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun müalicəsi davam etdirilir.
Hadisə elektrik təchizatına da təsirsiz ötüşməyib. Belə ki, qəza zamanı 10 kilovoltluq elektrik xətti qırılıb. Nəticədə ətraf ərazilərin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.