BAKI, 27 avqust. TELEQRAF

ABŞ Quru Qoşunları ölkənin beş hərbi bazasında kiçik modul nüvə reaktorlarının tikintisi üçün ümumilikdə 2,2 milyard dollara qədər vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının yaydığı açıqlamada bildirilib.

Məlumata görə, vəsait “Antares Nuclear”, “BWXT Advanced Technologies”, “General Atomics Electromagnetic Systems”, “Radiant Industries” və “Westinghouse Government Services” şirkətlərinə veriləcək.

Nüvə mikroreaktorlarının Corciya, Kentukki, Nyu-York, Şimali Karolina və Texas ştatlarında yerləşən hərbi bazalarda inşa olunması planlaşdırılır.

ABŞ Quru Qoşunlarının planına əsasən, ölkənin hərbi obyektlərində ümumilikdə 20-dən çox kiçik modul nüvə reaktorunun tikilməsi nəzərdə tutulur.

Amerika hərbçiləri hesab edirlər ki, bu reaktorlar genişmiqyaslı elektrik enerjisi kəsintiləri baş verdiyi halda belə hərbi bazaların fasiləsiz fəaliyyətini təmin etməyə imkan verəcək.