BAKI, 25 avqust. TELEQRAF

Gəmiçilik şirkətləri və dənizçilər Hörmüz boğazından keçid üçün İran qurumlarına rüsum ödəsələr, ABŞ-nin sanksiyaları və digər cəzaları ilə üzləşə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat yayıb.

OFAC bildirib ki, risk yalnız İran qurumlarına pul ödənilməsi ilə məhdudlaşmır. Heç bir ödəniş edilmədən həmin qurumlara məlumat təqdim edilməsi də şirkətlər və dənizçilər üçün sanksiya riski yarada bilər.

Qurum bundan əvvəl də xəbərdarlıq etmişdi ki, Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəyən gəmiçilik şirkətləri ABŞ sanksiyalarını poza bilərlər. Yeni xəbərdarlıq isə Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da sərtləşdirdiyi vaxtda edilib.

Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bundan əvvəl Amerikanın İrana qarşı bütün istiqamətlərdə iqtisadi hücuma başladığını açıqlayıb. Nazir bunu “İqtisadi təcrid” əməliyyatı adlandırıb.