BAKI, 26 avqust. TELEQRAF
ABŞ ordu naziri (Quru Qoşunları naziri) Daniel Driskoll 2026-cı ilin sentyabrında vəzifəsini tərk etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Driskoll yaxın ətrafına Əmək Günündə istefa verməyi planlaşdırdığını bildirib. ABŞ-də sentyabrın ilk bazar ertəsi qeyd olunan Əmək Günü bu il sentyabrın 7-nə təsadüf edir.
Lakin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Driskollun ən azı ilin sonunadək vəzifəsində qalmasını istədiyi bildirilir.
Daha əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən Driskollun ilin sonunadək, hətta daha tez istefa verə biləcəyini yazmışdı.
Nəşrin məlumatına görə, Daniel Driskoll ilə Pentaqon rəhbəri Pit Heqset arasında fikir ayrılıqları uzun müddətdir davam edir.