BAKI, 28 avqust. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə şəhəri ətrafına endirdiyi zərbələr zamanı “Hizbullah” hərəkatına aid yeraltı obyektləri məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə “Lebanon Debate” portalı məlumat yayıb.
Məlumata görə, şəhərin şərqində yerləşən Əli ət-Tahir yüksəkliklərində müdafiə mövqeləri tutan silahlı qruplar zərbələr nəticəsində itki verib. Ölənlərin dəqiq sayı açıqlanmayıb.
İsrail ordusunun nümayəndəsi Ella Vaviyanın avqustun 27-də verdiyi açıqlamaya görə, hava hücumları “Hizbullah”ın İsrail ordusunun mövqelərinə partlayıcı maddələrlə təchiz edilmiş bir neçə pilotsuz uçuş aparatı göndərməsinə cavab olaraq həyata keçirilib.
İsrail aviasiyası Ərəb-Salim şəhərinə də zərbələr endirib. Hücum nəticəsində bir qadın ölüb, altı mülki şəxs yaralanıb.
Baraşit, Qantara, Kfar-Rumman və Əl-Mənsuri yaşayış məntəqələrində də yaralananların olduğu bildirilir. İsrail artilleriyası isə Vadi əs-Suluki və Vadi əl-Huceyr rayonlarını atəşə tutub.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən başlayan hərbi eskalasiya nəticəsində ölkədə ölənlərin sayı 4350-yə, yaralananların sayı isə 12 310-a çatıb.