BAKI, 26 avqust. TELEQRAF
ABŞ paytaxtının əsas teatr-konsert komplekslərindən biri olan Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzi rekonstruksiya edilməzsə və onun adına Prezident Donald Trampın adı qaytarılmazsa, bina sökülə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazirlik mərkəzi “konstruktiv baxımdan yararsız, son dərəcə təhlükəli və ölkə paytaxtının nüfuzuna xələl gətirən” bina kimi xarakterizə edib. Qeyd olunub ki, Donald Trampın daşınmaz əmlak sahəsində təcrübəsi və maliyyə vəsaiti cəlb etmək imkanları olmadan kompleksin vəziyyəti daha da pisləşə bilər.
“Bu səylər olmadan mərkəz təhlükəli və yararsız vəziyyətə düşərək tənəzzül etməyə davam edəcək və nəticədə sökülməli olacaq”, – bəyanatda deyilir.
Nazirlik binanın söküləcəyi təqdirdə onun yerində böyük açıq amfiteatr tipli obyektin tikilə biləcəyini də istisna etməyib.
“The Washington Post”un məlumatına görə, Vaşinqton administrasiyası ilk dəfədir Kennedi Mərkəzinin tamamilə sökülməsi ehtimalını rəsmən gündəmə gətirib. Bununla belə, hazırkı rekonstruksiya planında mövcud binanın sökülməsi və ya yeni binanın tikilməsi nəzərdə tutulmur. Plan çərçivəsində Donald Trampın adının mərkəzin adına qaytarılması nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci il dekabrın 18-də mərkəzin Himayəçilər Şurası kompleksin Donald Tramp və Con Kennedinin şərəfinə adlandırılması barədə qərar qəbul etmişdi. Lakin məhkəmə şuranın bu qərarı verməklə səlahiyyətlərini aşdığı qənaətinə gəlib və mərkəzin əvvəlki adının bərpasını tələb edib. Məhkəmənin mövqeyinə əsasən, kompleksin adının dəyişdirilməsi yalnız ABŞ Konqresinin iştirakı ilə mümkündür.