BAKI, 25 avqust. TELEQRAF
ABŞ Milli Kəşfiyyat Xidmətinin keçmiş direktoru Tulsi Qabbard fevralın 28-də İrana qarşı müharibənin başlamasından bir neçə gün əvvəl Prezident Donald Trampa xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
O bildirib ki, İranın o zamankı Ali rəhbəri Əli Xameneinin öldürülməsi daha radikal birinin hakimiyyətə gəlməsinə və həmin rejimin nüvə silahı əldə etməsinə daha çox meyl göstərməsinə səbəb olacaq.
Qabbard həmçinin Tehranın Hörmüz boğazını bağlayacağını, ABŞ qüvvələrinə və regiondakı müttəfiqlərinə hücum edəcəyini proqnozlaşdırıb.
“Wall Street Journal” yazıb ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də daxil olmaqla, digər yüksək vəzifəli şəxslər də Donald Trampa müharibənin mümkün riskləri barədə xəbərdarlıq ediblər. Amma Pentaqon generalları prezidenti ABŞ-nin qalib gələcəyinə inandıra biliblər.
Qabbard may ayında, müharibənin başlamasından təxminən üç ay sonra həyat yoldaşının səhhətinin pis olması səbəbilə vəzifəsindən istefa verib. “Reuters”ə danışan məlumatlı mənbə isə bildirib ki, Ağ Ev Qabbardı müharibəyə qarşı mövqeyini davam etdirdiyinə görə istefaya məcbur edib.