BAKI, 28 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffi şəxsən Rusiyaya göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Retkliffin missiyası o qədər həssas xarakter daşıyıb ki, hətta Ağ Evin bəzi rəsmiləri səfər barədə əvvəlcədən məlumatlandırılmayıb. Adətən bu cür məsələlər barədə məlumat alan ABŞ hərbi rəhbərliyinin nümayəndələri və Trampın yaxın köməkçilərinin də Retkliffin Kremlə çatdırmalı olduğu mesajdan xəbərləri olmayıb.

WSJ iki avropalı rəsmiyə istinadən yazır ki, CIA direktoru rusiyalı həmkarlarına ABŞ-nin NATO müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə sadiq qaldığını bildirib.

Məlumata görə, Retkliff Moskvada Rusiyanın İranla əməkdaşlığı, eləcə də Ukrayna ilə danışıqların intensivləşdirilməsi məsələlərini müzakirə edib.

Nəşr qeyd edir ki, bəzi Avropa rəsmiləri də səfər barədə əvvəlcədən məlumatlandırılmayıb və Retkliffin Rusiyaya səfərindən sonra onun məqsədləri barədə məlumat əldə etməyə çalışıblar.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada Con Retklifflə görüşdüyünü təsdiqləyərək, tərəflərin xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid məsələləri müzakirə etdiklərini bildirmişdi.