BAKI, 28 avqust. TELEQRAF
Almaniya, Danimarka, Niderland, Avstriya, Finlandiya və İsveç Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üzrə Çoxillik Maliyyə Çərçivəsi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər.
Teleqraf xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts həmkarları ilə Berlində keçirdiyi görüşdən sonra qrupun Aİ-nin növbəti büdcəsi üzrə danışıqlarda realizm, ölçülülük və islahatlara hazırlıq prinsipini müdafiə edəcəyini bildirib.
O, növbəti Aİ büdcəsinin XXI əsrin çağırışlarına cavab verə bilməsinin vacibliyini vurğulayıb: “Siyasi prioritetlərimizi əks etdirən müasir Çoxillik Maliyyə Çərçivəsinə ehtiyacımız var”.
Görüşdə Aİ büdcəsinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə təhlükəsizlik və müdafiə, rəqabətqabiliyyətlilik, miqrasiya və suverenliyin prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi qeyd olunub.
Altı ölkə rəsmisi Aİ büdcəsinin maliyyələşdirilə bilən səviyyədə qalmasının əhəmiyyətli olduğunu deyiblər. Avropa Komissiyasının təxminən 2 trilyon avroluq büdcə təklifinin bir neçə yüz milyard avro azaldılmasının zəruriliyi vurğulanıb. Liderlərin qəbul etdiyi bəyanatda bütün büdcə istiqamətlərinin bu ixtisarlara töhfə verməli olduğu qeyd edilir.
Tərəflər danışıqları 2026-cı ildə başa çatdırmaq niyyətində olduqlarını açıqlayıblar.