BAKI, 28 avqust. TELEQRAF
ABŞ hökumətinin Kubaya qarşı ticarət-iqtisadi və enerji blokadasını sərtləşdirməsi ölkədə yeni tədris ilinin sentyabrın 1-də başlamasına mane olmayacaq.
Teleqraf xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel “X” sosial şəbəkəsində bildirib.
“Kubanın çöküşündən danışanlara: sentyabrın 1-də 1,5 milyondan çox uşaq və yeniyetmə yenidən məktəb partaları arxasına qayıdacaq”, - Kuba lideri yazıb.
Dias-Kanelin sözlərinə görə, yerli hakimiyyət orqanları artıq ölkənin bütün təhsil sisteminin dərslərin başlanmasına hazırlığını yoxlayıb.
“Biz birlikdə Kuba inqilabının sosial nailiyyətlərini qoruyuruq”, - prezident vurğulayıb.
Bu arada, avqustun 27-də Kubanın şərq hissəsi istilik elektrik stansiyalarında baş verən qəzalar səbəbindən yenidən tamamilə elektrik enerjisiz qalıb. Kuba Dövlət Energetika Şirkətinin məlumatına görə, Olqindən Quantanamoyadək şərq regionundakı əyalətlər milli enerji sistemindən ayrılıb.
Son aylarda Kubada enerji böhranı daha da kəskinləşib. Buna ABŞ-nin ilin əvvəlindən ölkəyə qarşı məhdudiyyətləri sərtləşdirməsi və yanacaq embarqosu tətbiq etməsi fonunda baş verdiyi bildirilir. Son iki ayda ölkədə elektrik və su təchizatı ilə bağlı vəziyyət kritik həddə çatıb.