BAKI, 28 avqust. TELEQRAF

“Trabzonspor”un baş məşqçisi Fatih Tekke Avropa Liqasının təsnifat mərhələsində uğursuzluqdan sonra istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə “HT Spor” telekanalına açıqlamasında bildirib.

“Çox uzatmayacağam. 17-18 aylıq məşqçilik fəaliyyətimdən sonra istefa verirəm. Ümid edirəm ki, bu cəza mənim üçün heç olmasa bir qədər ədalətli olar”, - Tekke deyib.

“Trabzonspor” Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında səfərdə Macarıstanın “Ferentsvaroş” klubuna 0:4 hesabı ilə məğlub olub. İlk görüşdə də Macarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, Türkiyə klubu Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib və mübarizəni Konfrans Liqasının liqa mərhələsində davam etdirəcək.

48 yaşlı Fatih Tekke 2025-ci ildən “Trabzonspor”a rəhbərlik edirdi. O, futbolçu kimi Rusiyanın “Zenit” klubunun heyətində ölkə çempionu olub, UEFA Kubokunu və UEFA Superkubokunu qazanıb.

“Trabzonspor”un yetirməsi olan Tekke futbolçu karyerası ərzində “Rubin”, “Altay”, “Qaziantepspor”, “Beşiktaş”, “Ankaragücü” və “Orduspor” klublarında da çıxış edib.