
BAKI, 22 fevral. TELEQRAF
Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAİD) “təmizləmə prosesini” davam etdirir. ABŞ prezidenti USAİD-i “solçu radikal psixopat qrup” adlandırıb və maliyyə ayrılmasını dondurub. Nəticədə təşkilatın 10 min əməkdaşından 2700 nəfəri məcburi məzuniyyətə göndərilib. USAİD-in korrupsiya ilə məşğul olduğunu bəyan edən Tramp bildirib ki, “bu miqyasda fırıldaqçılıq “geridönüş” (otkat) olmadan mümkün deyil”.
ABŞ-da USAİD-in fəaliyyətinin təftiş edilməsi təşkilatın qaranlıq fəaliyyətini ifşa edir. USAİD özünü “humanitar yardım” missiyasını yerinə yetirən təşkilat kimi təqdim edir və sosial dəstəyin verilməsindən tutmuş “demokratiyanın inkişafı”na qədər müxtəlif istiqamətlərdə həyata keçirilən layihələri maliyyələşdirir. Lakin Dövlət Departamentinə bağlı USAİD-in ABŞ kəşfiyyatının qeyri-leqal qanadı kimi fəaliyyət göstərdiyi, müxtəlif ölkələrdə casus şəbəkəsini formalaşdırdığı, nüfuz agentləri hazırladığı və legitim hakimiyyətlərə qarşı çevriliş planlarını maliyyələşdirdiyi sirr deyil. Sadəcə olaraq, USAİD-in gerçək missiyasının hazırda ABŞ-nin özündə ifşa edilməsi və təşkilatın ləğv edilmək reallığı ilə üzləşməsi qlobal müstəvidə sensasiya yaradıb.
Belə bir sensasiyanın yaranmasına səbəb təkcə USAİD-in qaranlıq fəaliyyətinin ifşası deyil, həm də təşkilata bağlı şəbəkələrin, eləcə də indiyə qədər bu təşkilatla maliyyə maxinasiyaları həyata keçirən qrupların qazancsız qalmasıdır. USAİD-in Trampa qarşı müdafiə olunması da bundan qaynaqlanır və keçmiş Bayden administrasiyası, ümumilikdə demokratlar ifşa araşdırmalarının dayandırılmasına çalışırlar. Senatda demokratların lideri Çak Şumer USAİD-in bağlanmaması üçün hər şeyi edəcəklərini bəyan edib.
Demokratların narahat olmasına səbəb USAİD üzərindən həyata keçirilən korrupsiya faktlarının ifşa edilməsidir. Misal üçün, Bayden administrasiyasının sevimlisi olan USAİD-in keçmiş rəhbəri (fəaliyyəti bu il başa çatıb) Samanta Pauerin üç il ərzində - 2021, 2022, 2023-cü illərdə sərvəti 6,7 milyon dollardan 30 milyon dollara yüksəlib. Halbuki, Pauerin xalis gəliri 180 min dollar olan maaşıdır. Pauerin adı erməni milyarder, Qarabağda hərbi cinayətlər törətməkdə ittiham olunan Ruben Vardanyanla birlikdə “çirkli pulların” yuyulmasında da hallanır. USAİD-in fəaliyyətini təftiş edən Trampın “bu miqyasda fırıldaqçılıq “geridönüş” olmadan mümkün deyil” açıqlaması bu kontekstdə təsadüfil deyil. Və aydın olur ki, USAİD-in dəstəklədiyi layihələrə ayrılan maliyyənin bir qismi geriyə - rəhbərliyə qaytarılıb.
USAİD-in “Qlobal səhiyyə təchizat zənciri” (GHSC-PSM) layihəsinə 9,5 milyard dollar maliyyə ayırması və layihədə maliyyə maxinasiyalarına yol verilməsi haqda yayılan məlumatlar da Trampın haqlı olduğunu təsdiq edir. Nümayəndələr Palatasının Ayova ştatından olan respublikaçı üzvü Mariannette Miller-Miksin 2024-cü ildə 9,5 milyard dollarlıq layihə ilə bağlı Samanta Pauerə ünvanladığı müraciət cavabsız qalmışdı. USAİD-in keçmiş əməkdaşı O'Neill Gillihan də etiraf edir ki, təşkilatda “nəzarətdən kənar” xərcləmələr baş verib.
Venesuela Prezidenti Nikolas Maduronun dedikləri də bu kontekstdə xüsusilə diqqət çəkir. Maduro bildirib ki, USAİD indiyə qədər ölkəsindəki müxalifətə 5 milyard dollardan artıq nəğd vəsait verib və bu pulların böyük qismi mənimsənilib.
Azərbaycan cəmiyyəti üçün tanış mənzərədir, çünki USAİD-in ölkəmizdəki şəbəkəsinə ötürdüyü və əsasən Gürcüstanda nağdlaşdırılaraq, qeyri-qanuni yollarla gətirilən maliyyə vəsaitlərinin bir qisminin mənimsənildiyi, bir qisminin isə xaos planlarına xərcləndiyinə dair yetərincə faktlar mövcuddur. Müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edən və çevriliş planları hazırlayan USAİD Azərbaycanda da zaman-zaman buna cəhd edib. Bu kontekstdə təşkilata bağlı şəbəkənin bütün cəhdlərinin iflasa uğramasına rəğmən, böyük maliyyə məbləğləri alması maraqlıdır. Bu detal diqqəti USAİD-də korrupsiya mexanizminə çəkir.
Tramp administrasiyası ifşaedici addımlarını USAİD-lə məhdudlaşdırmır. Məlumatlara görə, USAİD-lə yanaşı, NED-in (Demokratiya Uğrunda Milli Fond) də 2025-ci il üçün nəzərdə tutulan 315 milyon dollarlıq maliyyəsi dondurulub. Hər iki təşkilat – USAİD və NED-in əsas missiyası “demokratiyanın inkişafı”, “humanitar yardımlar” adı altında ölkənin daxili işlərinə müdaxilə etmək, “rəngli inqilab”ları maliyyələşdirməkdir. Misal üçün, 2013-cü ildə Bakıda 2 milyon dollarlıq “Facebook inqilabı” planını NED-in əsas qollarından olan ABŞ Milli Demokratiya İnstitutu (NDİ) təşkil etmişdi. Həmin vaxt NED-in fəaliyyəti ifşa edilsə də, təşkilat “vətəndaş cəmiyyəti instutları” üzərindən şəbəkələşməni davam etdirdi. NED-in 2022-ci ildə Azərbaycanda QHT və media sektoruna 1,1 milyon dollar qrant ayırması da bundan xəbər verir.
1983-cü ildə ABŞ Konqresi tərəfindən yaradılan NED hər il 100-dən çox ölkədə “demokratik məqsədlər naminə çalışan” QHT-lərə 2000-dən çox qrant ayırır. Təşkilatın fəaliyyəti “demokratiyanın inkişafına” həsr olunsa da, gerçək missiyası qrant ayrılan QHT-lər üzərindən şəbəkənin qurulması və lazım olanda çevrilişlərin həyata keçirilməsidir. “Ərəb baharı” NED-in aktivinə yazdığı ən böyük “uğurlardan” biridir. “WikiLeaks” dərc etdiyi sənədlərə görə, 2011-ci ildə NED ərəb ölkələrində hakimiyyətə qarşı çıxan gənclər hərəkatını fəal şəkildə dəstəkləyib. Liviyada, Misirdə, Tunisdə, Livanda, Əlcəzairdə, Suriyada gənclərə silahlı üsyana başlamaq təbliğatı aparılıb. Nəticədə ərəb coğrafiyası qan çanağına çevrildi və bu gün milyonlarla ərəb hələ də qaçqın vəziyyətində yaşayır.
2011-ci ildə NED-in hədəflərindən biri də Ukrayna olub. Maydan hadisələrinə aparan yolda təşkilat milyonlarla vəsait xərcləyib.
- 2011-ci il – 2,9 milyon dollar;
- 2012-ci il – 3,3 milyon dollar;
- 2013-cü il – 2,8 milyon dollar;
- 2014-cü il – 4,5 milyon dollar;
“Maydan”dan başlayan proses Ukraynanı dövlət kimi parçalanmaq təhlükəsi ilə üz-üzə qoyub.
USAİD və NED-in inqilab platforması kimi istifadə etdiyi ölkələr arasında Qırğızıstanın adını xüsusilə çəkmək olar. 2005-ci ildə bu ölkədə baş verən “Lalə inqilabı”na üç təşkilat – USAİD, NED və İRİ 35 milyon dollar pul xərcləyib. Həmin vaxtdan etibarən Qırğızıstan dəfələrlə inqilab və xaosun qurbanına çevrildi. 2019-cu ildə ölkədə baş verən iğtişaşların təşkilatçısı da NED olub. Sonuncu belə cəhdlər 2024-cü ildə baş verib: yanvar ayında, iyulun 5-də və noyabrın 17-də. Hər üç cəhdin qarşısı alınıb. Məlumatlara görə, bu iğtişaş və çevriliş planlarını USAİD və NED kimi təşkilatlar maliyyələşdirib. 2023-cü il sentyabrda “Boeing C-17” təyyarəsi ilə ölkəyə nağd pulun gətirildiyi və vəsaitin gənclərin hazırlanmasına, çevriliş zamanı silahlı hücumların təşkilinə xərcləndiyinə dair məlumatlar mövcuddur.
Qazaxıstan 2022-ci ildə eyni ssenarinin şahidi oldu. Baş verən silahlı iğtişaşlara hazırlıq 2020-ci ildən başlayıb. 2020-2021-ci illərdə ölkəyə qrant adı altında 9 milyondan çox vəsait daxil olub. 2021-ci ildə “Qazaxıstan rəsmiləri və geniş ictimaiyyətlə öz maraqlarını müdafiə edən bilən vətəndaş cəmiyyəti təşkilatlarının güclü və sabit koalisiyasının yaradılması” layihəsinə 750 min dollar vəsait ayrılıb. 2022-ci ilin yanvar ayında baş verən iğtişaşlarda məhz qrant layihələri iştirakçılarının çoxluq təşkil etməsi, xüsusilə koordinasiyanın onlar tərəfindən aparılması diqqət çəkib. Misal üçün, jurnalist Lukpan Əhmədyarovun adı belə şəxslər arasında çəkilir. Əhmədyarov 2020-ci ildə NED-dən 90 mindən çox qrant alıb. İğtişaşlarda fəallığı ilə seçilən “Politon” qeyri-hökumət təşkilatı və Qazaxıstan İnsan Haqları Bürosu da NED-dən 100 min dollarlıq qrant layihəsi əldə edib. Bu faktlar iğtişaşların arxasından NED və USAİD-in boylandığını ispat edir. Hazırda Qazaxıstanda USAİD-in fəaliyyətinin yoxlanılması məsələsi gündəmə gəlib.
Göründüyü kimi, USAİD və NED kimi təşkilatların məqsədi amerikalı vergiödəyicilərinin pullarını başqa ölkələrdə xaos və iğtişaş planlarına xərcləmək olub. Tramp administrasiyası məhz bunun qarşısını almağa çalışır.