
TBİLİSİ, 22 fevral. TELEQRAF
"Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni binanın inşası həm Gürcüstanın, həm də Azərbaycanın marağındadır".
Bunu Teleqraf-ın yerli bürosunun sualına cavabında Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze deyib.
Onun sözlərinə görə, hər iki tərəf bu layihənin həyata keçirilməsi prosesinə qoşulub.
"Layihə hazırdır. Gürcüstan tərəfi teatr üçün yeni binanın inşası məqsədilə ərazinin seçilməsində birbaşa iştirak edib. Bina üçün ən yaxşı sahə seçilib", - nazir söyləyib.
T.Ruxadze qeyd edib ki, binanın inşası məsələsi ötən ay Bakıda keçirilən Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının 10-cu iclasında müzakirə olunub.
"Binanın inşası layihəsi hər iki tərəfin diqqətində saxlanılır və onun həyata keçirilməsinə Azərbaycan və Gürcüstan dəstək göstərəcək", - nazir əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının hazırkı binası illərdir qəzalı vəziyyətdədir. Mədəniyyət ocağı üçün yeni binanın təməli 2023 -cü ilin oktyabrın 27-də qoyulub.