
BAKI, 18 fevral. TELEQRAF
“Vaşinqton Post” qəzeti ABŞ Prezident Donald Trampın əvəzinə ölkəni iş adamı İlon Maskın idarə edib-etmədiyini müzakirəyə açan reklam kampaniyasını qəbul etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, özünü “Amerika demokratiyasının əsas dəyərlərinin qorunmasına həsr etmiş partiyasız təşkilat” adlandıran “Common Cause” adlı qurum “Bu ölkəni kim idarə edir: Tramp, yoxsa Mask?” sualı ilə reklam yayımlamağı planlaşdırıb.
Təşkilat elanın bu həftə qəzetin buraxılışlarından birində dərc edilməsinin planlaşdırıldığını, amma bunun baş tutmayacağı barədə nəşrdən məlumat alıb.
Təşkilat "X" platformasında əlində Ağ Evin kiçik maketini tutan Maskın əks olunduğu elanın fotosunu yayımlayıb. “Common Cause” Maskı ölkə və dünyada xaos və çaşqınlıq yaratmaqda ittiham edib.
Qurum ABŞ Konstitusiyasının eyni vaxtda yalnız bir prezidentə icazə verdiyini vurğulayaraq, amerikalı seçicilərə müraciət edib: “Senatorlarınıza deyin ki, Donald Trampın İlon Maskı işdən çıxarması vaxtıdır”.
Qeyd edək ki, Trampın Maskın rəhbəri təyin etdiyi Hökumətin Səmərəliliyi Departamenti demokratların hədəfindədir.
“Common Cause” 1970-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Lindon Consonun administrasiyasında çalışmış respublikaçı Con Qardner tərəfindən təsis edilib.