BAKI, 22 fevral. TELEQRAF

Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.

Bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.

Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.

O, bu gün evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə baş verən zaman general-mayor evdə tək olub.

Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub.

O, Göyçay Rayon Polis İdarəsinin rəisi, 2004–2007-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyib.