
BAKI, 22 fevral. TELEQRAF
ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropadakı bazalarında əsgər və silahların sayını artırmağa başlayıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin dünyanın 80 ölkəsində təxminən, 750 hərbi qarnizonu və ya müxtəlif ölçülü bazası var. Ölkənin silahlı qüvvələrinin üçdə ikisi ölkədən kənarda fəaliyyət göstərir.
Ən çox ABŞ bazasına malik ölkə 122 baza ilə Almaniya, 98 baza ilə Yaponiya, 80 baza ilə Cənubi Koreya və 47 baza ilə İtaliyadır.
Geosiyasi proseslərlə əlaqədar olaraq, bazalardakı əsgərlərin və silahların sayında və əhatə dairəsində dəyişikliklər ola bilər.
ABŞ-nin Avropada NATO üzvü olan İngiltərə, Almaniya, Belçika, İtaliya, İspaniya, Yunanıstan, Hollandiya, Bolqarıstan, Polşa, Danimarka, İtaliya, Estoniya, Litva, Rumıniya, Portuqaliya və Albaniyada birgə quru, dəniz və hava bazaları var.
Qrenlandiya, Kosovo və Bosniya-Herseqovinada da qarnizonları var. Bu bazalarda ABŞ istehsalı olan bütün silahlar Amerika əsgərləri tərəfindən istifadə olunur.
Bu ilin məlumatlarına görə, ABŞ-nin Almaniyada 38 min 700, Polşada 14 min , İtaliyada 12 min 600, İspaniyada 10 min, Rumıniyada 2 150, Belçikada 1150, Norveçdə 1100 əsgəri var. Qrenlandiya, İslandiya, Macarıstan, Slovakiya və Bolqarıstanda isə ümumilikdə 600 əsgər xidmət edir. Aralıq dənizinə cavabdeh olan 6-cı donanmada isə 4500 dənizçi heyəti fəaliyyət göstərir.
ABŞ-nin Avropada ümumilikdə neçə tankı, zirehli transportyoru (BTR), artilleriya və ya təyyarəsi barədə məlumatlar isə məxfi saxlanılır.