BAKI, 22 fevral. TELEQRAF

Bu ilin yanvarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdə ən yüksək qiymət artımı mərkəzi isitmə xidmətində qeydə alınıb. Belə ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu xidmətin qiyməti 2 dəfə artıb. Təbii qaz təchizatı xidməti isə 11,8%, elektrik enerjisi təchizatı xidməti 11,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a bildirilib ki, bəzi xidmət sahələrində qiymət artımı qeydə alınsa da, bəzilərində sabitlik qorunub. Bir sıra sahələrdə əhaliyə göstərilmiş ödənişli xidmətlərin istehlak qiymətləri indekslərində ucuzlaşma qeydə alınıb.

Belə ki, yanvarda paltarların təmizlənməsi, təmiri və kirayəsi üzrə qiymətlər ötən ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz, ayaqqabıların təmiri 0,1%, icarəçi tərəfindən ödənilən icarə haqqı isə 1,2% bahalaşıb. Stomatoloji xidmətlər 0,4%, xəstəxana xidmətləri isə 1,3% səviyyəsində artıb.

Restoran və kafelərdə yeməklə təmin edilmə xidmətləri 0,8%, bərbərxana və kosmetoloji xidmətlərində isə qiymət 0,5 faiz bahalaşıb.

Soyuq su təchizatı, kanalizasiya və zibilin daşınması xidmətləri, tibbi xidmətlər, mehmanxana xidmətləri, nəqliyyat vasitələrinin sığortası və ödənişli ali təhsil xidmətlərində isə qiymətlər dəyişməz qalıb.

Ötən ay, nəqliyyat sektorunda ödənişli xidmətlər arsında ən ciddi qiymət azalması hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində müşahidə edilib. Belə ki, dekabr ayına nisbətən bu xidmətin qiymətində 18,2 faiz ucuzlaşma qeydə alınıb. Digər nəqliyyat xidmətlərində, o cümlədən dəmir yolu, metro, avtomobil və dəniz nəqliyyatında isə taariflər dəyişməyib.

Qeyd edək ki, ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri, ümumilikdə, 12 milyon 885 min 471,3 manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 8,6 faiz artım deməkdir.