BAKI, 22 fevral. TELEQRAF

"Oyunumuzda inkişaf var və bunun davamını gətirmək istəyirik".

Teleqraf xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov səfərdə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis oyuna qələbə üçün çıxdıqlarını qeyd edi: "Oyun haqqında çox danışmağa ehtiyac görmürəm. İlk hissə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı, amma ümumilikdə həm hücumda həm də müdafiədə yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi, amma buna baxmayaraq ikinci hissədə də yaxşı çıxış etdik. Əslində qələbə üçün gəlmişdik, lakin 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir, oyunumuzda inkişaf var və bunun davamını gətirmək istəyirik. Gərgin mübarizə gedir, çalışacağıq ki, gələn oyunlarda hər şey daha da yaxşı olsun".

Baş məşqçi daha sonra 3 oyundur komandasının qol vura bilməməsindən problemin olmadığını vurğulayıb: "Öncəki turlarda qol vurmuşduq, bunu problem hesab etmirəm, çünki son oyunlarda qarşılaşdığımız rəqiblər də çox yaxşı idilər. "Araz Naxçıvan"ın hazırki mövqeyinə baxsaq bunu açıq aydın sezmək olar. Mənim istəyim oyunçuların inkişaf etməsidir, taktiki baxımdan əsas odurki tapşırıqları düzgün yerinə yetirsinlər. Qarşıda hələ 12 turluq uzun bir yolumz var. Növbəti turda "Şamaxı" ilə oyun bizim üçün final deyil".

Hüseynov heyətinin geniş olmamasından gileylənib: "Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəmki heyətimiz geniş deyil. İstədiyimiz transferlər alınmadı, bu haqda danışmaq istəmirəm. Heyəti formalaşdırmaqda çətinlik çəkirəm, süni meydançada məşqlər keçirik deyə zədələr ortaya çıxır. İnnosent Nşutinin zədəsi var idi deyə risk etmədik, onun mövqeyində problemlər yaşayırıq, amma bu gün orada Fərid Nəbiyevi yoxladıq və o da layiqincə oynadı".