
BAKI, 22 fevral. TELEQRAF
Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa, ABŞ Dövlət Katibi Marko Rubionun təkid etdiyi Ukraynanın faydalı qazıntılarının çıxarılması haqqında sazişi imzalayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Radasının "Avropa Həmrəyliyi" partiyasının deputatı Oleksiy Qonçarenko məlumat verib.
Ötən gün "The Wall Street Journal" nəşri də diplomatik mənbələrə istinadən, Vaşinqton və Kiyevin Ukraynanın nadir torpaq minerallarının istifadəsi ilə bağlı müqavilə imzalayacağına dair xəbər yayıb.
Qeyd olunub ki, sözügedən sənədin imzalanması 22 fevral tarixində baş tutmalı idi, lakin hələ də bəzi məsələlər üzərində müzakirələr davam edir.
Ukraynalı rəsmilər təhlükəsizlik zəmanətləri də daxil olmaqla, müqavilədəki bəzi şərtlərlə razı deyillər.
Nəşrin məlumatına görə, tərəflər getdikcə ABŞ-yə "dəyərli minerallar üzərində hüquqların verilməsi" müqabilində Ukraynaya hərbi yardımın edilməsi mövzusunda razılaşmağa yaxınlaşır.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yayımladığı video müraciətində ABŞ ilə nadir torpaq mineralları haqqında müqaviləyə dair ədalətli nəticəyə ümid etdiyini bildirib.