BAKI, 20 fevral. TELEQRAF

"Ukrayna həbsxanasında ölən amerikalı-çilili bloqqer Qonzalo Liranın ölümündə Ukrayna Prezidenti Volodimir Zelenski günahkardır".

Teleqraf xəbər verir ki, bunu Amerikalı sahibkar İlon Mask sosial şəbəkəsində qeyd edib.

"Zelenski amerikalı jurnalisti öldürdü!" – Mask jurnalistin ölümü ilə bağlı yazını şərh edərək yazıb.

Qeyd edək ki, Qonzalo Lira 1968-ci ildə Kaliforniyanın Burbank şəhərində anadan olub. Onun ABŞ və Çilidə ikili vətəndaşlığı olub və Ukraynanın Xarkov şəhərində yaşayırdı. Bloqqer Rusiyanın Ukraynadakı hərbi əməliyyatını işıqlandırıb və Prezident Volodimir Zelenskini tənqid edib.

2023-cü ilin mayında o, Ukrayna hüquq mühafizə orqanları əməkdaşları tərəfindən “Rusiya təcavüzünə haqq qazandırmaq” ittihamı ilə həbs edilib.

2023-cü ilin oktyabrında Lira həbsxanada pnevmoniyadan dünyasını dəyişib. Jurnalistin atasının sözlərinə görə, həbsxana rəhbərliyi jurnalistin xəstəliyini ailəsindən və vəkillərindən gizlətməyə çalışıb.