
BAKI, 20 fevral. TELEQRAF
“Volodimir Zelenski bu müharibəni bitirmək üçün heç bir ciddi səy göstərməyib. O, dəhşətli işlər görüb. Müharibəni dayandırmaq üçün nə görüş, nə də telefon zəngi belə olub. Dəhşətdir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Florida ştatının Mayami şəhərində keçirilən investisiya forumunda deyib.
Münaqişənin həllinə sadiq olduğunu deyən Tramp bildirib ki, ABŞ-nin əvvəlki prezidenti Co Bayden münaqişəni dayandırmağa heç vaxt cəhd etməyib: "Avropa sülhü təmin edə bilməyib və Zelenski Ukraynaya asan yolla pulların gəlməsində maraqlıdır. Problemin nə olduğunu bilmirəm, amma bacarmadı".
Donald Tramp hesab edir ki, Ukraynada seçkilərin vaxtı çatıb.
"Və baxın, Ukraynada seçkilərin vaxtıdır. Çoxdandır ki, seçkilər olmayıb. "Bilirsiniz, bizdə seçkilər keçirilə bilməz" demək çox gözəldir", - o bildirib.
Tramp əlavə edib ki, Vaşinqtonun Kiyevə ayrılan bütün pulların harda olduğunu anlamağının vaxtı çatıb.
"Bütün pulların hara xərcləndiyini öyrənməyin vaxtıdır. O, (Volodimir Zelenski) pulun yarısının harada olduğunu bilmədiyini söylədi. Mən isə Ukraynaya göndərdiyimiz bütün pulların harada olduğunu öyrənmək istərdim", - Amerika lideri deyib.
Donald Tramp Ukrayna məsələsində Rusiya ilə razılaşmanın mümkünlüyünə inandığını bildirib: "Biz Rusiya ilə çox yaxşı işləyirik. Biz milyonlarla insanın öldürülməsini dayandırmaq üçün Rusiya ilə razılaşa bilərik. Rusiyanın Ukraynadakı münaqişənin həlli məsələsində “kozırları” var. Düşünürəm ki, ruslar müharibənin bitməsini istəyirlər. Bəli, edirlər. Amma düşünürəm ki, onlar çox ərazi ələ keçirdikləri üçün üstünlüyə sahibdirlər".