BAKI, 22 fevral. TELEQRAF

"Zədəli futbolçularımız qayıtdıqdan sonra daha da rəngarəng olacağıq".

Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev evdə "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis oyunun gərgin keçdiyini deyib: "Birinci hissədə "Səbail" təzyiq göstərirdi deyə oynumuz alınmırdı. İkinci yarıda edilən dəyişikliklərlə oyunu özümüzə qaytara bildik. İndiki durumda çox saylı zədəli futbolçularımız var deyə, çətindir. Düşünürəm ki, onlar da komandaya qayıtdıqdan sonra daha da rəngarəng olacağıq".

Baxşıyev komandasının son oyunlardaki qolsuzluq seriyasının səbəbini açıqlayıb: "Desəm ki, sırf Ramon Maçadodan asılıyıq, bu, belə deyil. Miço Kuzmanoviç də zədəli olduğundan, çox rotasiya edə bilmirik. Futbolda belə hallara rast gəlmək olur. Bu gün Vanderson Melonu məcburiyyətdən mərkəz müdafiəçisi mövqeyində oynatdıq. Çünki üçüncü stopperimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda bu detalları da yoluna qoyacağıq və cəhdlərimiz bəhrəsini verəcək".