
BAKI, 20 fevral. TELEQRAF
"Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlı ittihamlar yalandır. Əslində xarici ölkələrdə siyasi fəaliyyətlərə milyonlar xərcləyən ABŞ olub".
Teleqraf "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton xaricdəki siyasi proseslərə təsir etmək üçün milyonlarla dollar xərcləyib. Tramp bu xərclərin bəzilərini xatırladıb:
“Qvatemalada cinsiyyətin dəyişdirilməsi əməliyyatları üçün 2 milyon dollar və miqrantların sosial-iqtisadi inteqrasiyasını yaxşılaşdırmaq üçün 40 milyon dollar xərclənib. Hindistanda seçici fəallığını təmin etmək üçün 21 milyonu niyə xərcləməliyik? Düşünürəm ki, onlar başqasını seçməyə çalışırdılar. Biz bunu Hindistan hökumətinə deməliyik”, – Tramp deyib.
Bununla da o, Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ittihamları təkzib edib.