
BAKI, 19 fevral. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı Kaliforniyanın Vandenberq Hərbi Hava Qüvvələri bazasından "Minuteman III" qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, bu barədə bazanın saytında yerləşdirilən məlumatda deyilir.
“Fevralın 19-da Sakit okean vaxtı ilə saat 01:00-da əməliyyat sınaqları çərçivəsində silahsız “Minuteman III” qitələrarası ballistik raket buraxılıb”, - məlumatda deyilir.
ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığının daha əvvəl qeyd etdiyi kimi, buraxılışın məqsədi ölkənin nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və nüvə hücumlarının qarşısının alınmasının öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir.
Komandanlığın bəyanatında deyilir ki, əvvəlki buraxılışlar kimi, bu sınaq da raket sistemlərinin hazırlığını və dəqiqliyini yoxlamaq üçün nəzərdə tutulub.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ mövcud ikitərəfli öhdəliklərə uyğun olaraq raketin buraxılışı ilə bağlı Rusiya tərəfini əvvəlcədən xəbərdar edib.