BAKI, 8 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri son bir gün ərzində İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi obyektlərə qarşı genişmiqyaslı hava hücumları dalğasını tamamlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) rəsmi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı İranın hərbi infrastrukturuna aid 400-dən çox hədəfə çoxsaylı aviasiya bombaları və raket zərbələri endirilib. Hədəflər arasında ballistik raket buraxılış qurğuları və silah istehsalı müəssisələri də yer alıb.
Bildirilir ki, "Nərildəyən aslan" əməliyyatı başladığı gündən etibarən İsrail aviasiyası İranın raket buraxılış qurğularına, hava hücumundan müdafiə sistemlərinə, silah anbarlarına və digər strateji hərbi obyektlərinə yüzlərlə zərbə endirib.
İsrail hərbi rəhbərliyi bu hücumların əsas məqsədinin İsrail Dövlətinin ərazisinə yönəlmiş mümkün atəş təhlükəsini və hücum miqyasını maksimum dərəcədə azaltmaq olduğunu vurğulayıb.
SAXAL həmçinin İran ərazisindəki hədəflərin vurulma anlarını əks etdirən video görüntüləri də ictimaiyyətə təqdim edib.