BAKI, 7 sentyabr. TELEQRAF
“Qarabağ”dan Polşanın “Veçista” (Krakov) klubuna keçidi gözlənilən Mateuş Koxalski Teleqraf-a müsahibə verib.
2024-cü ildən Ağdam təmsilçisinin heyətində çıxış edən 26 yaşlı qolkiper həm ayrılıq qərarı, həm də digər sualları cavablandırıb:
- “Araz-Naxçıvan”la oyun sizin üçün xüsusi idi. “Qarabağ”da son oyununuz idi və azarkeşlərlə sağollaşdınız…
- Xeyr, bu oyun deyil, oynadığım son oyun mənim üçün xüsusi idi. Düşünürəm ki, ən vacibi "Qarabağ"ın bu oyunda 3 xal qazanması və çempionluq yoluna davam etməsidir.
- "Qarabağ"dan ayrılmaq qərarına necə gəldiniz?
- "Qarabağ"ın hazırda iki böyük qapıçısı var. Ona görə kənardan baxanda getməyim üçün yaxşı zamandır. Çünki "Qarabağ" yaxşı, etibarlı əllərdədir. Bu, heç vaxt asan deyil, şəxsi qərarımdır və düşünürəm ki, hər kəs üçün yaxşı olacaq.
- Qərarı Avropa Liqası oyunları zamanı vermişdiniz?
- Qərarımı mövsümöncəsi hazırlıqdan əvvəl, yəni keçən mövsümün sonunda vermişdim. Bir şeyi deyim, bilmirəm yaxşı izah edə biləcəm, ya yox... Bilirsiniz, mənim üçün təkcə futbol və ya bəlkə də pul ən vacib şey deyil. Mənim üçün həyatım, ailəm və hər gün səhərdən axşama qədər keçirdiyim zaman vacibdir. Bu qərarı verməyimin səbəbi də budur.
- “Qarabağ”dakı karyeranızda ən unudulmaz oyun hansı oldu?
- Bəlkə "Çelsi" ilə oyun yaxşı idi. Böyük komandaya, Premyer Liqa klubuna qarşı yaxşı oynadıq. Düşünürəm ki, buradakı bütün oyunçular bu səviyyədə oynamaq arzusu ilə yaşayır. Bəlkə də bu, oyun idi, amma indi konkret birini demək çətindir. Çoxlu yaxşı oyunlarımız olub.
- Daha güclü kluba transferiniz gözlənilirdi. Ayrılıq qərarına gecikdiniz, yoxsa tələsdiniz?
- Bəlkə də haqlısınız. Amma indi çətin vəziyyətdir, çünki biz yalnız daxili çempionatda oynayırıq. Təbii ki, getməyimin əsas səbəbi bu deyil... İndi oynamaq istəyən 3 qapıçı vardı: mən, Martin Zlomisliç və Şahrudin Məhəmmədəliyev. Yalnız çempionat və Azərbaycan Kuboku üçün 3 qapıçıya o qədər də yer yoxdur. Ona görə də əvvəl dediyim kimi, getmək üçün doğru vaxtdır.
- Nə üçün Avropanın top klubları qaldığı halda yenidən Polşa?
- Hazırda daha böyük kluba getmək üçün heç bir seçimim və ya təklifim yox idi.
- "Qarabağ"dakı karyeranızı bir neçə sözlə necə ifadə edərsiniz?
- Polyak dilində deyə bilərəm, ingiliscə... Bu möhtəşəm bir təcrübə idi! Şəhərə çıxanda hər 5 dəqiqədən bir kimisə yaxınlaşıb foto çəkdirir və ya nəsə deyirdi. Bu, mənim üçün çox xoş idi. Həmişə ayaq saxlayıb şəkil çəkdirirdim, çünki hamımız eyni insanlarıq.
- Gələcəkdə şans yaranarsa, “Qarabağ"a qayıdarsınız?
- Baxarıq, görək gələcəkdə nə olur (gülür-red.).
- "Qarabağ" azarkeşlərinə son sözünüz nədir?
- Hər şey üçün təşəkkür edirəm. Amma onu da demək istəyirəm ki, buradan narazılıqla ayrılmıram. Mən Azərbaycanı çox sevirəm, buradakı insanları sevirəm. Rastlaşdığım bütün insanlar mənə çox kömək etdilər, mənə hər şeyi verdilər. Bura gələndə kiçik bir qapıçı idim, indi isə vacib birinə çevrildiyimi düşünürəm. İnsanlar, hamı məni tanıyır, məni siz böyütdünüz. Buna görə və hər zaman göstərdiyiniz dəstəyə görə çox sağ olun deyirəm.