BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın zamanda keçiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Uitkoff bu barədə sentyabrın 6-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Vaşinqton son 48 saat ərzində diplomatik prosesə konstruktiv şəkildə başlayıb və danışıqlar nəticəsində müsbət razılaşmanın əldə olunacağına ümid edir.

“Ümid edirəm ki, son 48 saat ərzində bu prosesə konstruktiv şəkildə başlamışıq. Əminik ki, burada yaxşı bir həll əldə olunacaq”, - Uitkoff deyib.

ABŞ nümayəndəsinin sözlərinə görə, Moskvada keçirilən görüşlər zamanı əhəmiyyətli irəliləyiş əldə edilib və yeni ideyalar müzakirə olunub. Bu təkliflər daha sonra Kiyevə çatdırılıb.

Uitkoff tərəflərin mövqeləri arasındakı fərqi azaltmalı olduğunu bildirib və bunun üçün zəruri imkanların mövcudluğuna əminliyini ifadə edib.