BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ-nin Florida ştatında Amazon üçün yükdaşıma həyata keçirən "Boeing 767" təyyarəsi Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq yolun üzərindən keçib və dayanıb.

Teleqraf xəbər verir ki, bu barədə "VINnews" məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 6-da baş verib. "Boeing 767" yük təyyarəsi "Amazon Prime Air" üçün reys həyata keçirərkən uçuş-enmə zolağından çıxıb və yaxınlıqdakı avtomobil yolunu keçdikdən sonra dayanıb.

Hadisə yerindən yayılan görüntülərdə təyyarənin uçuş-enmə zolağından kənarda dayandığı və ərazidə fövqəladə hallar xidmətlərinin çalışdığı görünür. ABŞ Federal Aviasiya Administrasiyası təyyarənin zolağı keçdiyini təsdiqləyib.

İlkin məlumatlara görə, hadisə hava limanının fəaliyyətinə təsir göstərib. Təyyarənin zolaqdan çıxmasının səbəbi hələlik məlum deyil. Ekipajın vəziyyəti və mümkün xəsarətlərlə bağlı rəsmi məlumat açıqlanmayıb. Hadisəni ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının araşdıracağı gözlənilir.