BAKI, 5 sentyabr. TELEQRAF
“Avropa İttifaqı (Aİ) zərurət yaranacağı təqdirdə öz təhlükəsizliyini və maraqlarını, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün əlavə tədbirlər görməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bu Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti Xidmətinin sözçüsü Kristian Viqand deyib.
O bildirib ki, Brüssel İranın regionda sabitliyi pozan fəaliyyətləri və Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə eyni mövqedədir. Aİ İranın Rusiya ilə hərbi əməkdaşlığının davam etməsindən də ciddi narahatdır.
“Avropa İttifaqı İranın qlobal iqtisadiyyatdan və maliyyə sistemindən düşmənçilik xarakterli fəaliyyətlər və beynəlxalq təhlükəsizliyin zəiflədilməsi məqsədilə istifadəsinin qarşısını almaq üçün genişmiqyaslı sanksiyalar tətbiq edib”, - Viqand vurğulayıb.
Aİ rəsmisi əlavə edib ki, Brüssel İrana qarşı təzyiqi qoruyub saxlamaq, gərginliyin azaldılmasına və regionda sabitliyin yaradılmasına kömək etmək məqsədilə ABŞ, G7-nin digər üzvləri və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək.