BAKI, 5 sentyabr. TELEQRAF

Yəmən Silahlı Qüvvələri Xudeyda vilayətinin cənubunda əks-hücum əməliyyatına başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Yəmən Hərbi Dəniz Qüvvələri isə Əl-Fəcrə və Moha limanını hədəfə almağa cəhd edən qiyamçı husilərə məxsus qayığın məhv edildiyini bildirib.

Yəmən ordusunun artilleriya ilə Əl-Kəsarədə husilərin mövqelərini atəşə tutub. Həmçinin Yəmən Silahlı Qüvvələri Əl-Cövf vilayətində husilərin silah-sursat anbarlarına hava zərbələri endirib.

Yəmənin hökumət qüvvələri ilə husilər arasında Taiz şəhərinin cənubundakı Əş-Şəqbdə də döyüşlərin başladığı bildirilib.

Yəmən ordusu qərb sahili boyunca bütün cəbhələrdə husilərlə döyüşlərin davam etdiyini bildirərək, qruplaşmanın sıralarında yüzlərlə ölən və yaralananın olduğunu qeyd edib.

Bundan əlavə, Yəmən Silahlı Qüvvələri Taiz şəhərinin qərbində, Cəbəl Həbəşi rayonunda yerləşən Əl-Xəzzan təpələrinin geri aldığını açıqlayıb. Eyni vaxtda Məbkənə və Əl-Kəhdə cəbhələrində də döyüşlərin şiddətləndiyi vurğulanıb.

Ordu Taiz şəhərinin qərbində yerləşən Məkahinə yüksəkliklərini də azad edib.