BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının “Nyu-Amerika” olaraq dəyişdirilməsi ideyasını dəstəkləyib.
Teleqraf xəbər verir ki, Tramp “Truth Social” hesabında yeni adın ştat sakinləri üçün daha prestijli və gözəl səsləndiyini bildirib.
“Vau, bu mənim xoşuma gəlir!”, - ABŞ lideri yazıb.
Paylaşımda süni intellektlə hazırlanmış video da yerləşdirilib. Videoda Tramp “Village People” qrupunun məşhur “YMCA” mahnısının sədaları altında yol kənarındakı lövhədə ştatın adını “Nyu-Amerika” ilə əvəz edir və rəqs edir.
ABŞ Konstitusiyasına əsasən, federal hökumət ştatların adını dəyişdirmək səlahiyyətinə malik deyil. Bunun üçün müvafiq ştatın qanunverici orqanının razılığı və referendumda əhalinin dəstəyi tələb olunur.
Nyu-Meksiko mediasının məlumatına görə, ştat sakinlərinin adın dəyişdirilməsi təşəbbüsünü dəstəkləyəcəyi gözlənilmir.