BAKI, 7 sentyabr. TELEQRAF
Böyük Britaniya hakimiyyəti La-Manş boğazında 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Əməliyyata xilasetmə qayıqları, helikopter və Böyük Britaniyanın Sahil Mühafizəsi Xidmətinin təyyarəsi cəlb olunub.
Qayıq Fransanın şimal-qərbində, Normandiya bölgəsində yerləşən Jobur kommunasından İngiltərənin Hempşir qraflığı sahillərinə doğru hərəkət edib.
Miqrantlar xilasetmə qayıqlarına köçürülərək Portsmut şəhərinə çatdırılıblar. Onların buradan miqrantların saxlanıldığı Manston mərkəzinə aparılacağı gözlənilir.
Məlumata görə, 2018-ci ildən bəri 205 mindən çox qanunsuz miqrant kiçik və şişmə qayıqlarla La-Manşı keçərək Böyük Britaniyaya çatıb.